“Təhsildə interaktiv texnologiyalar-2014″ müsabiqəsinin qalibləri elan olundu

Bu gün Təhsil Problemləri İnstitutu “DYMO/Mimio şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi “Smart Technologies” şirkəti ilə birgə keçirdiyi Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “İnteraktiv texnologiyalar və müasir təhsil 2014″ elmi-praktik konfrans çərçivəsində “Təhsildə interaktiv texnologiyalar – 2014” müsabiqəsinin qaliblərini elan edib.

 

APA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun direktoru Qulu Novruzov bildirib ki, müsabiqənin başlıca məqsədi interaktiv lövhələrdən istifadə etməklə yeni təlim texnologiyaları ilə işləyən təşəbbüskar müəllimlərin təcrübəsinin öyrənib yayılması və bütövlükdə pedaqoji kadrların yüksəldilməsindən ibarətdir: “Müsabiqədə respublikanın 5 şəhər və 23 rayonundan 315 nəfər müəllim 17 fənn üzrə 308 işlə iştirak edib. Ən çox Bakı şəhərindən və Şəki rayonundan iş təqdim olunub. Bakı şəhərindən 219, Şəki rayonundan 36 iş təqdim olunub. Onlardan 70-i riyaziyyat, 54-ü Azərbaycan dili və ədəbiyyat, 32-si ingilis dili, 30-u tarix, 26-sı biologiya, 23-ü həyat bilgisi, 20-si informatika, 53-ü isə digər fənlərdən olub”.

 

Q.Novruzov əlavə edib ki, xüsusi yaradılan komissiya tərəfindən təqdim olunan işlər ekspertiza olunub: “Həmin işlərdən müxtəlif fənlər üzrə 12 iş finala çıxıb. Yerdə qalan işlərdən 12-si isə digərlərindən fərqləndiyinə görə müvafiq mükafata təqdim olunmasını komissiya məqsədəuyğun hesab edib”.

 

Qeyd edək ki, konfransda finala çıxan 12 müəllif öz işlərini təqdim ediblər. Münsiflər heyətinin qərarı ilə 3 iş qalib elan olunub. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

On May 9th, 2014, posted in: Son Xəbərlər by
Comments are closed.