“İnteraktiv texnologiyalar və müasir təhsil – 2014”

Mayın 7-də “Hyatt Regency” mehmanxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “İnteraktiv texnologiyalar və müasir təhsil – 2014” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Həmçinin  konfrans çərçivəsində təşkil olunmuş “Təhsildə interaktiv texnologiyalar – 2014” müsabiqəsinin qalibləri mükafatlandırılmışlar.

Başlıca məqsədi interaktiv lövhələrdən istifadə etməklə yeni təlim texnologiyaları ilə işləyən təşəbbüskar müəllimlərin təcrübəsinin öyrənilib yayılması və bütövlükdə pedaqoji kadrların peşəkarlığının yüksəldilməsindən ibarət olan müsabiqə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və “DYMO/Mimio” (ABŞ) şirkətinin ölkəmizdəki nümayəndəliyi – “Smart Technologies” şirkəti tərəfindən keçirilmişdir.

AzərTAc xəbər verir ki, məktəb direktorlarının, təhsil işçilərinin, müəllimlərin, mütəxəssislərin, Rusiya və Türkiyədən olan nümayəndələrin iştirak etdikləri konfransda Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən danışmışdır.

Dahi rəhbər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini vurğulayan Q. Novruzov, ulu öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Təhsil Problemləri İnstitutunun direktoru Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təhsilin inkişafında mühüm rolunu vurğulamışdır.

Q. Novruzov Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil üzrə həyata keçirilən layihələrin, tədbirlərin əhəmiyyətini xatırlatmışdır.

Müasir dünyada təhsilin önəmli rolunu qeyd edən Təhsil Problemləri İnstitutunun direktoru bu sahənin inkişafı ilə bağlı fikirlərini diqqətə çatdırmış, rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti barədə məlumat vermişdir.

Eyni zamanda, qeyd olunmuşdur ki, müsabiqədə respublikanın şəhər və rayonlarından olan 315 nəfər müəllim 17 fənn üzrə 308 işlə iştirak etmişdir. Həmin işlərdən 12-si (müxtəlif fənlər üzrə) finala vəsiqə qazanmışdır.

Digər çıxış edən müəllim və mütəxəssislər də təhsillə bağlı fikirlərini bölüşmüş, müsabiqənin əhəmiyyətindən danışmışlar.

Konfransda mövzu ilə bağlı müzakirələr aparılmış, “Təhsildə interaktiv texnologiyalar-2014” müsabiqəsində finala vəsiqə qazanmış işlərin təqdimatı olmuşdur.

Sonra müsabiqənin qaliblərinə mükafatlar təqdim edilmişdir.

http://www.xalqqazeti.com/az/news/education/44360#.U2vVyLcOiFY.facebook

On May 9th, 2014, posted in: Son Xəbərlər by
Comments are closed.