Öyrədəni necə öyrətmək?

 

 

 

Tədrisdə interaktiv resursların istifadəsinə dair yeni təlim proqramı haqqında

Ülviyyə ƏHMƏDOVA,
MİMİO (ABŞ) şirkətinin Azərbaycanda rəsmi nümayəndəliyinin direktoru

İnteraktiv, başqa sözlə, elektron lövhələr olmadan müasir təlim prosesini təsəvvür etmək, demək olar ki, mümkün deyil. İnteraktiv avadanlıqların tətbiqi məktəblərə nə gətirib və elektron lövhələrin tətbiqi ilə təşkil olunan təlim prosesinin daha səmərəli keçməsi üçün nə etmək lazımdır? Bu gün müəllim hansı bilik və bacarıqlara malik olmalıdır və ona yeni texnologiyaları necə öyrətmək lazımdır?
Elektron lövhələrin təlim prosesində tam gücü ilə tətbiq olunması üçün bu sahədə müəllim hazırlığı praktik xarakter daşımalı, yeni texnologiyaların müasir dərsdə istifadəsinə dair müvafiq təcrübə əldə edilməsinə istiqamətləndirilməlidir. Müəllimlərə təkcə elektron lövhə ilə davranmağı, onun funksiyalarını öyrətmək, kifayət deyildir. Bu zəmində müəllimlərin müvafiq interaktiv tədris mühitinin layihələşdirilməsinə dair təlim proqramının işlənib hazırlanması ehtiyacı ortaya çıxdı.
Bir il əvvəl biz rəqəmsal interaktiv tədris resurslarının hazırlanması, bu resursların pedaqoji fəaliyyətdə səmərəli istifadəsi və müvafiq metodik dəstəyin təmininə dair layihə təklif etdik. Layihə Təhsil Nazirliyinin rəhbərliyi tərəfindən təqdir olundu və Bakı məktəblərində pilot layihə kimi realizə olunmağa başladı. Bu treninqlər nəticəsində müəllim elektron lövhənin proqram təminatının unikal imkanlarından istifadə edərək vizual resurslar yaratmağı öyrənir.
Bəs interaktiv tədris resursu nə deməkdir? Əgər ənənəvi təlim prosesinin tərkib hissələri – yeni biliklərin mənbəyi kimi müəllimin nəqli, əyani vəsait kimi coğrafi xəritə, keçilənlərin möhkəmləndirilməsi məqsədilə çalışma dəftəri və təkrarlama üçün dərslik götürülürsə, interaktiv resurs bütün bunları özündə birləşdirir və daha səmərəli nəticələr alınmasını təmin edir.
Məlumdur ki, təhsilalanların bütün bilik, bacarıq və vərdişləri onların birbaşa fəaliyyəti prosesində meydana çıxır, formalaşır və möhkəmlənir. Digər tərəfdən, müəyyən kontekstdə tətbiq olunmayan, aktuallaşmayan biliklər tez yaddan çıxır. Təlim metodikası da buna əsaslanır. Elektron lövhə bilikləri dərketmə, mənimsəmə və yaradıcı tətbiqetmə prosesinin intensivləşdirilməsinə şərait yaradır, lakin bütün bunlar yalnız resursların köməyi ilə mümkün olur. Yalnız tədris resursu təhsilalanların bilikləri mənimsəmələri və bilavasitə istifadəsi prosesinə daha fəal qoşulmalarını təmin edir.
Ötən əsrin 70-ci illərində Amerika alimi və pedaqoqu Edqar Deyli belə bir sual düşündürürdü: Biliklərin mənimsənilməsinin səmərəliliyi ilə onların alınması üsulları arasında hansı qarşılıqlı əlaqə var? Başqa sözlə, hansı üsullarla öyrətmək lazımdır ki, biliklər möhkəm mənimsənilsin və yaddaşda uzun müddət saxlanılsın? Deyl və onun ardıcıllarının tədqiqatlarının nəticələri “Təlim piramidası” adı almış “təlim metodlarının biliklərin mənimsənilməsi səviyyəsinə təsiri” diaqramında əks olunmuşdur. Bu diaqramda biliklərin mənimsənilməsi səviyyəsi və hansı təlim fəaliyyəti nəticəsində alınmasının faiz dərəcələri göstərilmişdir. Nəticədə məlum oldu ki, ənənəvi təlimin “sarsılmaz sütunları” hesab olunan müəllimin nəqli (mühazirə) və oxu az səmərəli təlim metodlarıdır. Bu metodlar verilən məlumatın ancaq 20% (mühazirə) və 10% (oxu) mənimsənilməsini təmin edir.
Digər geniş yayılmış metodlar multimedia təqdimatlarıdır ki, onları proyektorun köməyi ilə dərs prosesində şagirdlərə nümayiş etdirərək müəllim dərsini təşkil edir.
Təhsildə İKT-nin tətbiqinin başlanğıc mərhələsində, keçən əsrin 90-cı illərində Power Point proqramında və ya videoresurs şəklində hazırlanmış multimedia təqdimatları müəllim üçün dərsin təşkilinə kömək edən mühüm vasitə idi. Müəllim dərsin mövzusuna uyğun təlim materiallarını internetdə axtarıb tapır, ya da özü tərtib edir, lakin təqdimat nə qədər parlaq, yüksək səviyyədə keçsə də şagirdlər ancaq baxır və dinləyirlər. Başqa sözlə desək, informasiyanı passiv formada qəbul edirlər. Bu isə Deyl piramidasına görə, mənimsəmənin səmərəliliyini yalnız 50% təmin edir. Əlbəttə, müəllimin şifahi nəqlinin adicə dinlənməsi ilə müqayisədə bu, daha səmərəlidir, lakin zaman keçir, texnologiyalar təkmilləşir və bununla bərabər, təlim prosesinin məntiqi və təşkili formaları da dəyişir.
Ötən əsrin 90-cı illərində Qərbdə interaktiv qurğular və lövhələr meydana gəldi və qısa zamanda onların təhsildə istifadəsi genişləndi. Azərbaycanda ilk dəfə interaktiv (ağıllı) lövhələrin təhsildə istifadəsi 2008-ci ildə Mimio avadanlığının Bakı pilot məktəblərində tətbiq edilməsi ilə başlandı, sonra digər elektron lövhələr məktəblərdə tətbiq olundu. Lakin müəllimlərin əksər hissəsi siniflərdə olan interaktiv lövhələri çox vaxt multimedia təqdimatları üçün ekran kimi, yəni sadəcə təsvirlərin proyeksiya olunması üçün vasitə kimi istifadə edir.
Hər hansı bir interaktiv lövhə modelinin üstünlükləri haqqında çox mübahisə etmək olar, lakin lövhənin özü ancaq formadır. Lövhə, məsələn, Mimio Teach kimi qurğu və ya üzərində eyni zamanda 4-6 nəfər işləmək imkanı olan MimioTouchboard lövhəsi şəklində, digər modeldə ola bilər. Daha vacib olan interaktiv lövhənin məzmunudur, yəni Soft – onun proqram təminatıdır. Bax bu proqram təminatı, əgər ondan düzgün istifadə olunarsa, müəllim üçün hüdudsuz imkanlar yaradır.
Təlim piramidasında təlim fəaliyyətinin “başqalarının öyrədilməsi” və “təcrübədə tətbiq olunma” kimi üsulları ən yüksək səmərəsi olan üsullar hesab olunur. Belə bir sual ortaya çıxır: Nə üçün “başqalarının öyrədilməsi?” Nədənsə bu təlim üsulu şagird fəaliyyəti ilə o qədər də uzlaşmır, lakin əgər dərindən fikirləşsək, məhz başqalarının öyrədilməsi prosesində insan eyni zamanda görə, eşidə, tələffüz edə və yaza bilir, yəni bütün qavrama formaları (kanalları), bütün yaddaş növləri paralel və kompleks şəkildə fəaliyyətə qoşulur. Təlim piramidasına görə, bizim eyni zamanda danışdıqlarımızın və əməl etdiklərimizin 90%-i mənimsənilir və uzunmüddətli yaddaşımızda saxlanır.
Deyl və onun ardıcıllarının gəldikləri nəticələr bunlardır: eyni zamanda nə qədər çox sayda informasiya kanallarından istifadə olunarsa, təlimin səmərəliliyi və mənimsənilmə faizi bir o qədər yüksək və keyfiyyətli olar. Bundan başqa, aldığımız biliklərin birbaşa və dərhal tətbiq olunması biliklərin yüksək səviyyədə mənimsənilməsinə təsir göstərir. Beləliklə, aydın olur ki, interaktiv lövhənin proqram təminatı təlim piramidasının nəticələri nəzərə alınaraq yaradılmışdır.
Şagirdlər elektron lövhədə işləyərkən məlumatı eyni zamanda həm görür, həm eşidir, həm öz əməllərini əsaslandıraraq danışır və həm də yazırlar. Məhz yaddaşın bütün növlərinin fəaliyyəti şəraitində (vizual, səs və motorika) məlumatın ötürülməsi və qavranılmasının bu üsulu təlimin səmərəliliyinin və təhsilalanların dərketmə səviyyəsinin, eyni zamanda təlim motivasiyasının yüksəldilməsinə imkan verir. Bu da öz növbəsində təhsilin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə zəmin yaradır.
Aydındır ki, elektron lövhəni əyaniliyin təmin olunması və vaxta qənaət baxımından istifadə etmək olar və lazımdır, lakin bu imkanlarla yanaşı, elektron lövhənin proqramı, hər şeydən əvvəl, təlim fəaliyyətinin dəstəklənməsi probleminin həlli məqsədləri üçün işlənib hazırlanmışdır. Əgər interaktiv tədris resursları varsa, elektron lövhədən istifadə dərsin səmərəli təşkilinə zəmin yaradır. Əgər bu resurslar yoxdursa, təlim avadanlığının yeni interaktiv imkanları istifadəsiz qalır və müəllim elektron lövhədən yalnız əyaniliyi təmin edən vasitə kimi yararlana bilir. İnteraktiv lövhə ilə keyfiyyətcə yeni səviyyəli dərs hazırlamaq və onu yüksək səmərə ilə təşkil etmək ancaq proqram təminatından tam və bacarıqla istifadə şəraitində mümkündür.
İnteraktiv lövhənin proqramı rəqəmsal məhsul yaratmağa imkan verir ki, bu da şagirdin dərketmə prosesinə və müstəqil işə tam qoşulmasına şərait yaradır. Buna görə də müəllimlərə proqramın imkanlarından istifadə etməyi öyrətmək kimi vacib bir məsələ gündəmə gəlir.
Bu gün qarşıya qoyulmuş məqsəd müəllimə unikal informasiya mühiti yaratmağı öyrətmək və şagirdləri interaktiv müstəqil iş üçün zəmin yaradan təlim materialları ilə təmin etməkdir.
Bizim interaktiv resursların yaradılmasının öyrədilməsi üzrə treninqlərimizdə, hansı elektron lövhələrdən istifadə etmələrindən asılı olmayaraq, bütün müəllimlər iştirak edə bilərlər. Təlim proqramının məzmunu standartlar əsasında interaktiv resursların yaradılması və fəal dərsin bütün mərhələlərində resursların metodiki nöqteyi-nəzərdən düzgün inteqrasiyasını əhatə edir.
Bütün fəal və interaktiv təlim metodları standartlarda ifadə olunmuş şagirdə öyrənməyi öyrətmək problemini həll etmək üçün nəzərdə tutulmuşdur. Buna isə xüsusi interaktiv tapşırıqlara əsaslanan müvafiq təlim materialları şərait yaradır. Müəllim dərsin müxtəlif mərhələlərində tədris resursundan təlim prosesində icra ediləcək vəzifələrə müvafiq olaraq istifadə edir. Resursda müəyyən dərs məzmunun mənimsənilməsi üzrə təlim prosesi məqsəddən nəticəyə qədər əks olunur. Təlim materialı elə hazırlanır ki, şagirdlərin elektron lövhə önündə və parta arxasında müstəqil fəaliyyətləri təşkil olunsun. Belə təlim mühiti şagirdin maksimum fəallığını təmin edir və heç bir şagird təlim prosesindən kənarda qalmır.
Müəyyən mövzuya dair hazırlanmış interaktiv resurs dərsə hazırlığı əhəmiyyətli dərəcədə sadələşdirir. Eyni zamanda, bu, müəllimi yaradıcılıq azadlığından məhrum etmir: rəqəmsal resursun strukturunun açıq olması müəllimə həmkarlarının hazırladığı hazır resurslardan dəyişikliksiz istifadə etməyə imkan verir, yaxud müəllim bu resursları özünün üstün bildiyi metodlarla zənginləşdirə və ya zaman keçdikcə onları təkmilləşdirə bilər. Belə materiallar resursu hazırlayan müəllifin adından saytda yerləşdirilir. Müəllim hazırladığı təhsil resursunda internetdən götürdüyü materiallardan istifadə edə bilər, lakin o, plagiatda təqsirləndirilməmək üçün mütləq istifadə etdiyi informasiya mənbələrinin siyahısını göstərməlidir.
Bu treninqlərin nəticəsində müəllim təlim materiallarının məzmununu müasir tələblərə professional şəkildə uyğunlaşdırmağı öyrənir.
Bizim treninqlərin həm əlavə məhsulu, həm də əlavə bonusu müəllimlər tərəfindən yaradılmış təlim resurslarının kataloqudur. Kursun axırında hər bir müəllim öz fənni üzrə dərs planına və müəyyən standartlara uyğun mövzu seçərək interaktiv resurs yaradır. Yaradılmış resurslar hazırda www.edu.mimio.az saytında yerləşdirilmiş, müəllimlərin azad istifadəsinə verilmişdir.

On August 11th, 2016, posted in: Son Xəbərlər by
Comments are closed.