Nailə Həsənova

Təhsil, təlim, tərbiyə prinsipləri, müəllim-şagird münasibətləri, yeni təlim metodlarını işləyib hazırlamaq və bu yenilikləri geniş müəllim ordusuna çatdırmaq prosesi çox geniş, yaradıcı və dinamik bir prosesdir.

Gündəlik həyatımızdakı inkişaf prosesi təhsildə də bəzi dəyişikliklərin labüdlüyünə gətirib çıxarır. Zamanın nəbzini tutan, dünya qabaqcıl ölkələrinin təhsili ilə rəqabət apara biləcək güclü bir təhsil sisteminə ehtiyac hər zaman duyulmaqdadır.

Mən belə düşünürəm ki, hal-hazırda dünya təhsilinin əsası şagirdlərdə aydın və çevik düşüncə aşılamaqdır. Əgər bir insan aydın düşünərsə fikrini aydın ifadə edə bilər. Bunun üçün yeni, düşünməyə yönəldən əlverişli tədris üsulları axtarılır. Müasir dövrdə təhsildə təlim üsulunun seçilməsi müəllimdən şagirdlərin maraqları və imkanlarını göstərə biləcək ölçüdə olmasını tələb edir. Hər bir müəllim özünü peşəsində kamil o zaman hesab edər ki, ömrü boyu öyrənən, öyrədən və sərbəst öyrənməyi öyrədən olsun.

Mimio proqramında yığılmış dərslə tanışlığımın ilk günündən bu interaktiv üsul mənim diqqətimi çox çəkdi. Qurğu və proqramın funksiyalarını öyrəndikcə marağım daha da artdı. Burada müəllimdən dövrə uyğun tələb olunan hər bir imkanı göstərmək mümkündür. Əgər bu yenilik müəllim üçün belə bir maraq kəsb edirsə deməli, ona şagirdlər biganə qalmayacaq.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və “SMART TECHNOLOGIES” şirkəti tərəfindən təşkil edilmiş məktəb müəllimləri üçün “MİMİO Xİ İnteraktiv lövhə ilə tədris” təlim kurslarında iştirak etdim. Bu kurslardan öyrəndiklərimi 9-cu sinif üçün fransız dili fənnindən “Sağlamlıq və həyat tərzi” mövzusundan nümunəvi elektron dərs hazırlayarkən tətbiq etdim. Doğrudan da şagirdlərin fəal, interaktiv dərslərə daha çox maraq göstərdiklərinin şahidi oldum. Xüsusən də yeni mövzuya keçmək üçün şagirdlərdə həmin mövzuya aid motivasiya yaratmaq imkanının olması, yalnız dərslikdəki məlumatlarla məhdudlaşmamaq, dərsin bütün mərhələlərini əyani izləmək və məntiqi təfəkkürə yönələn müxtəlif tipli tapşırıqların cavablarının şagirdlərin özləri tərəfindən yoxlanılması və ən əsas isə müəllimin az enerji sərf edərək çox informasiya verə bilməsi diqqəti bu təlim üsuluna yönəldir. Mən bu təlim metodunu alqışlayıram.

Həmkarlarıma üzümü tutub deyirəm: ”Əziz müəllimlər, unutmayaq ki, peşəmiz ən ali və müqəddəs peşədir. Çünki, hər sənəti mənimsədən bur müəllim vardır . Biz gələcəyin alimlərinə, gözəl mütəxəssislərinə, Azərbaycan vətəndaşlarına təhsil

veririk.Gəlin, bu müqəddəs adın ucalığını həmişə layiqincə qoruyaq, öz üzərimizdə daima, durmadan əzmlə çalışaq…”